İspaniya yığma komandasının və “Barselona”nın 22 yaşlı mərkəz yarımmüdafiəçisi Pedri “blauqrana”nın oyun keyfiyyətindən narazıdır.
Arena.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Komandanın oyunundan razı deyiləm. Bir çox xüsusları yaxşılaşdırmalıyıq, xüsusən təpkini. Həmçinin topla oyunumuzu yaxşılaşdırmalıyıq ki, oyunun nəbzini artıraq və daha çox fürsət yaradaq”.
Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış futbolçu məhz burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Yarımmüdafiəçinin “blauqrana” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pedri “Barselona”nın heyətində 13 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Barselona” karyerası ümumilikdə 215 oyun, 28 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 38 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2020/2021), İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var. O, həmçinin İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

