RU

Rayonlarımızda maaşların arasında bu qədər fərq var - bəzən min manatdan çox…


Akif Nəsirli: “İşçiyə ehtiyac olan bölgədə əməyin qiyməti yüksəlir, yəni çalışanların əmək haqqı artır”

Ölkədə sahələr üzrə əməkhaqları arasında ciddi fərq var.Bu fərq daha çox bölgələrdə müşahidə olunur. Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir. Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485,6 manat təşkil edir. Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 570,3 manatdır. Statistik rəqəmlərdən də bəlli olur ki, orta aylıq əmək haqqı rayonlar üzrə kəskin fərqlənir. Ümumiyyətlə, ölkənin hər bir bölgəsində çalışıb əmək haqqı alanların hər biri Azərbaycan vətəndaşıdır. Belə olan halda bölgələr arası əmək haqqında bu fərqin yaranmasına səbəb nədir?

“Hazırda işə və işçiyə tələbat daha çox işğaldan azad edilmiş bölgələrdə müşahidə olunur”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün əmtəələrin bazarı olduğu kimi, əmək bazarı da mövcuddur. Ancaq bu, real bazar kimi deyil: “Məlum bazar əmək yarmarkaları şəklində müşahidə olunur. Tələb və təklifin təsiri altında bu bazarda qiymətlər, yəni əmək haqqı dəyişir. Harda işçiyə daha çox tələbat varsa, sahibkarlıq fəaliyyəti daha geniş yayılıbsa, orda işçilərin əməyinə daha çox ehtiyac var.Bu səbəbdən də işçiyə ehtiyac olunan bölgədə əməyin qiyməti yüksəlir, yəni çalışanların əmək haqqı artır. İşçilərə tələbat az olan yerlərdə isə maaşlar az olur. Etiraf etmək lazımdır ki, bu gün bölgələrdə daha az iş yerləri var, ona görə də həmin yerlərdə əmək haqqı aşağıdır. Danılmaz faktdır ki, hazırda işə və işçiyə tələbat daha çox işğaldan azad edilmiş bölgələrdə müşahidə olunur. Daha sonra Bakı və Abşeron rayonunda işçiyə ehtiyac var. Qeyd etdiyimiz ərazilərdə orta əmək haqqı ümumi respublika üzrə müqayisədə yüksəkdir. Məlumat üçün deyim ki, hazırda ölkə üzrə orta aylıq əmək haqqı 1084 manatdır. Ancaq statistik rəqəmlərdən də bəlli olur ki, Xankəndi və Xocalıda orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq məvacibdən xeyli yüksəkdir. Bu gözləniləndir. Nəzərə almaq lazımdır ki, məlum göstərici ölkənin vətəndaşları ilə bağlı məsələ deyil. Əmək bazarının tələb bə təklifinə uyğunolaraq formalaşan əmək haqqıdır”.

Günel CƏLİLOVA

Избранный
67
baki-xeber.com

1Источники