RU

Ermənistanda revanşistləri qızışdıran Kremlin 2 əsas hədəfi - həm də Azərbaycana təhdid...


Sahil Kərimli: “Bütün bu proseslər birbaşa Kremldən idarə olunur”

Ermənistanda revanşistlərin, radikal qüvvələrin günü-gündən aktivləşməsi müşahidə olunmaqdadır. Xüsusən də 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbədən sonra həm Ermənistanda, həm də onlara son əsrlər ağalıq edənlərdən olan Rusiyada radikallar, revanşistlər özlərini daha çox hiss etdirirlər.

Heç şübhəsiz, Rusiyanın əlaltısı, bu ölkənin idarə etdiyi, rəsmi Kremlin göstərişi ilə oturub-durmağa, hərəkət etməyə öyrəncəli olan Ermənistanın sabiq prezidentləri R.Köçəryan və S.Sarkisyan, eləcə də onlar kimiləri revanşizmi daha da gücləndirirlər. Moskvadan idarə olunan revanşist rəhbərlərin və onların ardıcıllarının əsas məqsədi Cənubi Qafqaz regionunu yenidən müharinə meydanına çevirmək, qan axıtmaq, barışa və sülhə, birgəyaşayışa zərbə vurmaqdır.

Ermənistanda Köçəryanın, Sarkisyanın timsalında revanşistlərin qızışdırılması prosesinin Moskvadan idarə olunduğu göz qabağındadır. Heç şübhəsiz, o qüvvələr Cənubi Qafqazı qarışdırmaq məqsədi güdür. Bu heç də Rusiyanın tək Paşinyan hakimiyyətinə təzyiqi deyil, həm də Azərbaycanı revanşistlərin fəallaşması ilə yenidən təhdid etmək siyasətidir.

Rusiyada günü-gündən güclənən antiazərbaycan mövqeyi özünü daha eybəcər şəkildə büruzə verir. Yekaterinburqda beş etnik azərbaycanlının qətlə yetirilməsi, günahsız insanların müxtəlif bəhanələrlə həbsə atılması da aydın göstərir ki, həm Rusiyada baş verənlər, həm də Ermənistanda alovlanan revanşizm, radikalizm prosesi bir-biri ilə əlaqəlidir və bu birbaşa rəsmi Kremldən idarə olunur.

“Ermənistandakı revanşistlərin və radikalların, Köçəryan qruplaşmasının, onun ətrafında olan radikalların yenidən ayaqlanması da, heç şübhəsiz...”

Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, son dövrlər Rusiyanın Azərbaycana qarşı ədalətsiz və qərəzli siyasəti eyni zamanda Ermənistanda revanşistlərin, radikalların yenidən ayaqlanması ilə müşahidə olunur: “Təbiidir ki, bütün bu proseslər birbaşa olaraq Kremldən idarə olunur. Həm Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyası həyata keçirilir, qərəzli düşmənçilik siyasəti sərgilənir, həm də Ermənistanda Köçəryan və Sarkisyan kimi müharibə cinayətləri törətmiş canilərin, separatçıların, terrorçu qruplaşmasının dəstəklənməsi, Azərbaycana qarşı yönəldilməsi ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazda yenidən müharibə, münaqişə ocağı alovlandırmağa çalışır. Təbiidir ki, bunun da bir çox səbəbləri var”.

S.Kərimlinin fikrincə, Azərbaycanın 44 günlük Vətən müharibəsində inamlı qələbəsi, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan dövlətinin və onun lideri İlham Əliyevin dünya miqyasında artan nüfuzu, liderliyi, qətiyyətli və milli dövlətçilik maraqlarımıza əsaslanan siyasəti imperialist siyasət yürüdən Rusiyanı narahat edir: “Bu, Rusiyada Azərbaycana qarşı qısqanclıq hissi yaradır. Bütün bunlar da Rusiyanın orda yaşayan azərbaycanlılara qarşı son dövrdə həyata keçirdiyi amansız repressiyalar, təqiblər və vəhşilik nümayiş etdirməsi kimi xoşagəlməz proseslərdə özünü göstərir. Eyni zamanda Ermənistandakı radikalların, revanşistlərin qızışdırılaraq yenidən ayağa qaldırılması, Azərbaycana qarşı yönəldilməsi kimi hallar təəssüf doğurur. Azərbaycan ən azından Rusiya ilə müttəfiqdir. Müttəfiq ölkə olan Rusiyanın Azərbaycana qarşı bu cür hərəkətlərə yol verməsi təəssüf doğurur. Azərbaycan dövləti, eyni zamanda Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı tərəfindən dərin hiddətlə qarşılanır. Belə olduğu halda, təbiidir ki, Azərbaycan dövləti də öz sərt mövqeyini ortaya qoyub. Paralel olaraq bir sıra sərt addımlar atılıb ki,Rusiya nəhayət bu siyasətindən çəkinsin.

Ermənistandakı revanşistlərin və radikalların, Köçəryan qruplaşmasının, onun ətrafında olan radikalların yenidən ayaqlanması da, heç şübhəsiz, Rusiyadan idarə olunur. Məqsəd də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ciddi zərbə vurmaq, eyni zamanda yenidən bölgədə gərginlik yaratmaqdan ibarətdir. Rusiya nəyin bahasına olursa olsun, bu rıçaqlardan istifadə edərək Azərbaycana təzyiq göstərir. Amma hesab edirəm ki, onsuz da Ukraynada uzun müddətdir bataqlığa sürüklənən Rusiya Cənubi Qafqazdakı bu siyasətinə də nail ola bilməyəcək”.

S.Kərimli qeyd etdi ki, çünki bölgəmizdə yeni reallıqlar yaranıb. S.Kərimlinin sözlərinə görə,tamamilə yeni reallıqlardan çıxış edərək onu demək olar ki, Azərbaycanın qətiyyətli mövqeyi, hərbi qüdrəti, iqtisadi və siyasi yüksəlişləri Rusiyanın bu məkrli planlarını alt-üst edəcək.

İradə SARIYEVA

Избранный
24
50
baki-xeber.com

10Источники