RU

Tramp dostu Putini xilas edir, gücləndirir: ABŞ Ukraynanı “batırır”, Rusiyanı isə “bataqlıq”dan çıxarır

Tramp administrasiyası nə Ukraynanın, nə də ABŞ-ın NATO üzrə ənənəvi müttəfiqləri olan Avropa Birliyi ölkələrinin gələcək taleyini ümumiyyətlə, düşünməyə həvəsli deyil... Əksinə, indi prezident Donald Trampı yalnız atəşkəs və ya sülh sazişi maraqlandırır, əsas hədəf Ukraynanın ABŞ-a verilən təbii sərvətləridir, rəsmi Kiyev isə dəstəksiz buraxılır...

Ukrayna savaşı ətrafında situasiya qeyri-müəyyən xarakter daşıyır. Belə ki, ABŞ və Qərb bu savaşla bağlı ortaq mövqedən artıq xeyli uzaqlaşıb. Xüsusilə də, ABŞ və Avropa Birliyi arasında kəskin ziddiyyətlər yaşanmağa başlayıb. Çünki Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ NATO üzvü olan Avropa Birliyi ilə ənənəvi müttəfiqlik münasibətlərini nisbətən arxa plana keçirtməyə üstünlük verir. Bunun əvəzində Ağ Ev bütün qlobal proseslərdə kollektiv deyil, ilk növbədə məhz ABŞ-ın maraqlarını qabardır. Və Tramp administrasiyasının bu yeni xarici siyasət kursu yalnız Avropa Birliyi məkanında deyil, elə ABŞ siyasi elitasında da ciddi narazılıqlara yol açmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası Ukrayna savaşının dayandırılması üzərində qurduğu planların əhəmiyyətli hissəsini hələlik yerinə yetirə bilməyib. Düzdür, bu prosesə, əsasən iqtisadi-ticari mənfəət faktorları kontektsində yanaşan Tramp administrasiyası ABŞ-ın Ukraynaya aid təbii sərvətlərin istismar hüququ qazanmasına yol açan sazişin imzalanmasına nail olub. Ancaq bu saziş hazırda aktivləşdirilmə mərhələsindən çox-çox uzaqdır. Çünki Ukrayna savaşı davam etdiyi nüddətdə bu ölkənin ərazində təbii sərvətlərin istismarı olduqca riskli variantdır. Və bu səbəbdən də, mənfəətçi Tramp administrasiyası üçün Ukrayna savaşının nəyin bahasına olursa-olsun, dayandırılması strateji əhəmiyyət daşıyır.

9eb428c682049831618adeab749fbc04.jpg

Ancaq Kremldə bu önəmli məqamı tam dəqiqliyi ilə bildiklərindən, Rusiya sülh prosesini qəlizləşdirməklə, ABŞ-ı şantaj etməyə çalışır. Belə ki, Kreml Ukraynanın təbii sərvətlərini ələ keçirtmiş ABŞ-a Rusiyanın şərtləri əsasında hazırlanmış sülh sənədinin imzalanmasını diqtə etməyə cəhd göstərir. Yəni, Kreml hesab edir ki, əgər, ABŞ Ukraynanın təbii sərvətlərini istəyirsə, Rusiyanın da bütün istədiklərini verməlidir. Bu məsələdə Kreml Ukraynanın, ABŞ-ın Avropa Birliyinin mövqeyini yaxına belə, buraxmaq istəmir. Və bu səbəbdən də, hazırda yalnız Ukrayna deyil, elə artıq parçalanmış kollektiv Qərb də Rusiyanın şantajının girovuna çevrilməyə başlayıb.

Maraqlıdır ki, Ukrayna savaşının inkişaf istiqamətləri ilə bağlı ABŞ və Avropa Birliyinin həm mövqeyində, həm də maraqlarında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, Tramp administrasiyası Ukrayna və Avropa Birliyinin maraqlarını nəzərə almadan belə, Rusiya ilə anlaşmağın mümkün olduğunu düşünür. Ağ Ev ən qısa zamanda, atəşkəs və ya sülh sazişinin əldə olunmasına can atır. NATO üzvü olan Avropa Birliyi ölkələri isə ABŞ-ın bu mövqeyini qətiyyən bölüşmürlər. Və Rusiyanın Ukrayna savaşından daha güclü çıxmasına münbit şərait yarada biləcək istənilən sülh sənədini Avropa Birliyi üçün böyük təhlükə hesav edirlər.

Məsələ ondadır ki, Avropa Birliyi ölkələri hazırda Rusiyaya qarşı iqtisadi sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edirlər. Eyni zamanda, Ukraynaya hərbi dəstəyin də artırılması ilə bağlı prosesin genişləndirilməsində israrlı mövqe tuturlar. Yəni, Avropa Birliyi Rusiyanın Ukraynadakı “savaş bataqlığı”nda tamamilə zəiflədilməsində maraqlıdır. Əsas məqsəd isə Rusiyanın nə vaxtsa, Avropa Birliyi ölkələrinə qarşı hərbi təcavüz şansı qazana bilməməsi ilə bağlıdır. Və məhz bu məsələdə Avropa Birliyi ABŞ-la anlaşmaqda ciddi şəkildə çətinlik şəkir.

8a26289881d6affd6c39906719c1914f.jpg

Çünki Tramp administrasiyası okeanın o tayındakı supergüc olan ABŞ üçün elə bir ciddi hərbi təhlükə gözləmir. Hazırda prezident Donald Tramp Kremli atəşkəs və ya sülh sazişinə razilaşdırçaq üçün Kremli şirnikləndirməyə çalışır. Yəni, Ağ Ev Rusiyaya müəyyən “qırmızı cizgilər” çərçivəsində genişmiqyaslı güzəştlərə hazır olduğunu biruzə verməkdədir. Belə ki, Tramp administrasiyası artıq bu istiqamətdə ilk addımların atılmasına belə, başlayıb. Və bu, yalnız Avropa Birliyi məkanında deyil, elə ABŞ siyasi elitasında da ciddi narazılıqlara yol açıb.

Maraqlıdır ki, Tramp administrasiyası bəzi əsas Rusiya banklarına qarşı sanksiyaları bu ilin sonuna qədər ləğv edib. Ağ Ev ABŞ və Rusiya arasında bəzi strateji sahələr üzrə ticari münasibətləri bərpa etmək niyyətindədir. Avropa Birliyi bunu yolverilməz hesab edir, ABŞ siyasi elitasındasa, Tramp administrasiyasının bu addımı Rusiyanın dirçəldilməsi prosesinin başlanğıcı kimi dəyərləndirir. Əsas iradlar ondan ibarətdir ki, Ağ Ev indiyə qədər Rusiyaya qarşı sanksiyaların effektini tamamilə boşa çıxara biləcək prosesə start verib. Və bu, Ukraynanın gələcək taleyini ümumiyyətlə, böyük risk altına salır.

54d67f27cd1ebde7ee863ac309898df2.jpg

Digər tərəfdən, Tramp administrasiyasının Ukraynaya ABŞ-ın hərbi dəstəyini də dayandırması Rusiya üçün böyük “hədiyyə” hesab oluna bilər. Belə ki, bu iki addımın paralellik təşkil etməsi Qərdə ABŞ-ın Ukraynanı və Avropa Birliyini arxadan vurması kimi dəyərləndirilir. Hesab olunur ki, Tramp administrasiyası artıq çökməkdə olduğu rus iqtisadçılar tərəfindən də etiraf edilən Rusiyaya “nəfəslik” açmaq niyyətinə düşüb. Yəni, prezident Donald Tramp müəyyən mənada, “dost” hesab etdiyi Kreml sahibi Vladimir Putini xilas etmək qərarı verib. Və bu, Qərb siyasi dairələrində “böyük fəakətə çağırış” hesab edilir.

Belə anlaşılır ki, Tramp administrasiyası nə Ukraynanın, nə də ABŞ-ın NATO üzrə ənənəvi müttəfiqləri olan Avropa Birliyi ölkələrinin gələcək taleyini ümumiyyətlə, düşünməyə həvəsli deyil. Əksinə, indi prezident Donald Trampı yalnız atəşkəs və ya sülh sazişi maraqlandırır. Əgər, buna nail olarsa, Ağ Ev sahibi bir tərəfdən, ABŞ-ın Ukraynaya aid təbii sərvətlərin istismar etməsi üçün münbit şərait qazanacaq. Digər tərəfdənsə, prezident Donald Tramp hansı şərtlər çərçivəsində olmasından, asılı olmayaraq, Ukrayna savaşını dayandıracağı ilə bağlı vədlərini yerinə yetirəcəyi təqdirdə, Nobel sülh mükafatına layiq görülə biləcəyinə ümid bəsləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Избранный
16
7
musavat.com

10Источники