RU

Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə fəaliyyəti qarşıdakı onilliklərdə qlobal miqyasda mühüm rol oynayacaq


Azərbaycan və Mərkəzi Asiya ölkələri son illərdə təkcə regional əməkdaşlığın iştirakçıları deyil, Avrasiya geosiyasətində yeni güc mərkəzinin əsas qurucuları kimi çıxış edirlər. Tarixi bağlar, dini-mənəvi dəyərlər, ortaq mədəniyyət, dil yaxınlığı və yüzillər boyunca mövcud olmuş qarşılıqlı hörmət bu regionu vahid sivilizasiya məkanına çevirən başlıca sütunlardır. Bu gün həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri bu təməllər üzərində yüksələrək artan strateji əhəmiyyətə malik siyasi, iqtisadi və geoiqtisadi əməkdaşlıq modeli formalaşdırırlar.

Coğrafi baxımdan Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşərək Avropa və Asiya arasındakı ən qısa və təhlükəsiz əlaqə xəttinin əsas halqasına çevrilib. Xəzər artıq sadəcə su hövzəsi deyil, o, əməkdaşlığın, enerji birliyinin, nəqliyyat və ticarət inteqrasiyasının bir növ simvolu hesab olunur. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və genişlənən hava marşrutları regionu qlobal nəqliyyat xəritəsində strateji düyünə çevirir. Azərbaycanın tranzit potensialı isə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını daha da genişləndirir.

Siyasi müstəvidə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, xüsusilə Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan arasında münasibətlər ən yüksək-müttəfiqlik səviyyəsinə yüksəlib. Son illərdə dövlət başçıları arasında intensiv səfər və görüşlər yalnız dostluğun göstəricisi deyil, həm də regional problemlərə ortaq yanaşmanın formalaşdığını sübut edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi isə bu vahid məkanın siyasi və mədəni inteqrasiyasına güclü təkan verir.
İqtisadi-ticari əlaqələr də davamlı şəkildə genişlənir. Sərmayə qoyuluşu, birgə müəssisələr, sənaye kooperasiyası və enerji layihələri regionu qarşılıqlı fayda üzərində birləşdirən əsas mexanizmlərdəndir. Xüsusilə bərpaolunan enerji, neft-kimya, tikinti, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq regional sabitliyin və iqtisadi inkişafın mühüm dayağına çevrilib.

Mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələr də eyni dərəcədə əhəmiyyətlidir. Mədəniyyət günləri, qardaşlaşmış şəhərlər, ortaq layihələr və tarixi irsin qorunması iki xalqı deyil, bütövlükdə vahid türk coğrafiyasını daha da yaxınlaşdırır. Bu əlaqələr xalqlar arasında dərin inamın möhkəmlənməsinə, gələcək nəsillərin bir-birini daha yaxşı tanımasına və ümumi mənəvi məkanın güclənməsinə xidmət edir.

Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri sadəcə coğrafi yaxınlıqdan ibarət bir region deyil, ortaq strateji məqsədlər və uzunmüddətli vizion üzərində birləşən vahid tarixi-mədəni ailədir. Formalaşan bu geniş əməkdaşlıq platforması həm regional təhlükəsizliyi möhkəmləndirir, həm də Avrasiyada yeni geosiyasi balans yaradır. Əminliklə demək olar ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə fəaliyyəti qarşıdakı onilliklərdə qlobal miqyasda mühüm rol oynayacaq.

Rəvanə Kərimova, Nəsimi rayon gənci
Избранный
18
50
newscenter.az

10Источники