Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
11:53
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
***
11.46
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, “İsuzu” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
***
11.22
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
APA xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.