AZ

Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. Ölkəmizin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib.
 
Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamı gözdən salmaq cəhdləri həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir. O, bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib.
 
Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan, Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans və forumlara ev sahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.
 
Azərbaycan nümayəndə heyəti, eyni zamanda Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumat verilib. Dövlət Komitəsinin sədri ölkəmizdə dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda dini müxtəlif konfessiyalara aid dini ibadət yerlərinin qorunub saxlanılması, təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
 
***
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.
 
Moderator.az xəbər verir ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin mühüm rol oynadığını vurğulayan Ramin Məmmədov ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu bildirib. Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.
 
Bundestaqın Xarici siyasət komitəsinin sədri Armin Laşet ölkəmizə səfərini xatırladaraq, bütün dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasının şahidi olduğunu vurğulayıb. Ölkəmizdə alman irsinə qayğını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. A.Laşet bu faktı Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan birgəyaşayış modelinin ən yaxşı nümunələrindən birini təqdim edən ölkə olduğunun təsdiqi kimi dəyərləndirildiyini deyib.
 
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev səfərin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Səfir bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.
 
ABŞ-nin Simon Vizental Mərkəzinin sədr müavini, ravvin Abraham Kuper isə dinlər və mədəniyyətlərarası dialoqun inkişafının əhəmiyyəti barədə fikirlərini bildirib. Dini tolerantlığın təşviqi məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Seçilən
3
40
moderator.az

10Mənbələr