Ajans.az xəbər verir ki, Səfərov qardaşlarının cənazələri bu gün günorta saatlarında Rusiyada ailələrinə təhvil verilib, sonra saat 20:25-də təyyarə ilə Bakıya göndərilib. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Seyfəddin Hüseynli bildirib ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil olunacaq.
“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda ata-anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, - o bildirib.