İNFOAZ.WS xəbər verir ki, Səfərov qardaşlarının cənazələri bu gün günorta saatlarında Rusiyada ailələrinə təhvil verilib, sonra saat 20:25-də təyyarə ilə Bakıya göndərilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Seyfəddin Hüseynli bildirib ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil olunacaq.

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda ata-anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – o bildirib.

image-7acc2318-425b-33cb-b4d1-f90cdc8ef832 image-a0e53d29-016e-3964-ab8a-9c1d98070653 image-99a282c9-8024-362f-9147-5594ff16599d