"İran danışıqlara hazır olduğunu bildirir, amma ABŞ-dan ciddi zəmanət tələb edir..."
İran və ABŞ arasında gərginlik yenidən yüksəlir. Tərəflər bir tərəfdən danışıqlara işarə edir, digər tərəfdən isə açıq və dolayı təhdidlər səsləndirir.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, hazırkı fon nüvə danışıqlarının yenidən başlaması ehtimalını, həm də bunun nə qədər təhlükəli zəmində baş verə biləcəyini ortaya qoyur.
"Əvvəl zəmanət, sonra masa arxası"
İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, Tehran ABŞ-la danışıqlara qayıtmaq üçün tələsməyəcək. Onun sözlərinə görə, İrana qarşı hərbi hücumlar baş verdiyi bir vaxtda diplomatik proses başlaya bilməz. "Bizə vaxt və zəmanət lazımdır ki, Amerika danışıqlar zamanı bizi bombalamayacaq", - Araqçı "CBS News"-a açıqlamasında bildirib.
İranlı nazir həmçinin uranın zənginləşdirilməsinin dayandırılmayacağını da açıq şəkildə bəyan edib. "Bu proqram artıq milli qürur məsələsinə çevrilib. Texnologiyanı bombalarla məhv etmək mümkün deyil. Əgər siyasi iradə olsa, biz bu sahədəki itkiləri tezliklə bərpa edə bilərik", - o, qeyd edib.
Təhdidə qarşı təhdid: Trampa dolayısı ilə ölüm mesajı
Vaşinqtonun tənqidləri və hücum ritorikasına İranda dini dairələr sərt cavab verir. Nüfuzlu İran ayətullahı Nasir Makarim Şirazi bildirib ki, İslam qanunlarına görə, İranın dini lideri Xameneiyə qarşı edilən təhdidlər ölüm cəzası ilə nəticələnməlidir.
Bu açıqlama Trampın Xameneini "asan hədəf" adlandırmasından sonra səsləndirilib. Tramp əlavə etmişdi ki, "biz onu hələlik öldürmək niyyətində deyilik". Rəsmi Tehrana yaxın olan dini fiqurlar bu bəyanatları "düşmənçilik" və "Allahın düşməni olmaq" kimi qiymətləndiri. Lakin Trampın adı birbaşa çəkilmədən bu fikirlər "İslam qanunlarının izahı" formatında təqdim edilir.
"Bütün müsəlmanlar cavab verəcək"
İran liderinə qarşı hər hansı hücum ehtimalı regionda daha geniş reaksiyalara yol aça bilər. Pakistan senatoru Allama Nasir Abbas Cəfəri ABŞ və İsrailin Xameneiyə qarşı təhdidlərini sərt tənqid edərək xəbərdarlıq edib: "Əgər hücum baş verərsə, bütün müsəlman ölkələri, o cümlədən Pakistan buna cavab verəcək".
Cəfərinin sözlərinə görə, bu cür hərəkətlər İslam dünyası üçün dözülməzdir. "Əgər bu cür addım atılarsa, Pakistanda bir dənə də olsun amerikalı qalmayacaq", - o, bəyan edib. Eyni zamanda, İranın dini liderlərinin də 29 iyun tarixində belə təhdidlərə qarşı xüsusi fətva verdikləri bildirilir.
Təmaslar var, lakin şərtlər ağırdır
İran rəsmiləri təsdiqləyir ki, ABŞ tərəfi danışıqların bərpası ilə bağlı vasitəçilər vasitəsilə siqnallar göndərir. Lakin Tehran bu prosesi yalnız Vaşinqtonun hərbi hücumlardan əl çəkəcəyinə dair konkret zəmanət təqdim edəcəyi halda davam etdirməyə hazırdır.
ABŞ prezidenti Tramp isə məsələ ilə bağlı daha sərt mövqe sərgiləyir. Son açıqlamalarında o, İrana qarşı hava zərbələrinin istənilən an təkrarlana biləcəyini deyib və bildirib: "İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyik".
Masa və ya meydan
Tehran və Vaşinqton arasındakı vəziyyət hazırda bir növ "tükdən" asılıdır. Hər iki tərəf danışıqlara açıq olduqlarını bəyan etsə də, aradakı ritorika, dini və siyasi təhdidlər diplomatik dialoqun nə qədər kövrək olduğunu göstərir. Gələcəkdə bu münasibətlərin hansı istiqamətə yönələcəyi isə həm hərbi, həm də siyasi qərarlardan asılı olacaq.