AZ

"Rusiyanın Ukraynada törətdiyi cinayətlər: 600-dən çox uşaq öldürülüb" -  Ukrayna Prokurorluğu

"Ukraynada Rusiya təcavüzü nəticəsində uşaq qurbanları ilə bağlı dəhşətli statistika açıqlanıb..."

Rusiya Federasiyasının Ukraynaya qarşı başladığı genişmiqyaslı işğalçı müharibə nəticəsində bu günə qədər 637 uşaq həyatını itirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib. Məlumatı "prompolit.info" nəşri yayıb.

Məlumata əsasən, ümumilikdə 2678 uşaq Rusiya ordusunun hücumları zamanı zərər çəkib -2041-i yaralanıb, 637-si isə həlak olub. Hələ də bir çox uşağın aqibəti ilə bağlı məlumatlar toplanır.

Ən kiçik qurban iki günlük körpədir

Rusiya hərbçilərinin hərbi cinayətləri nəticəsində öldürülən ən gənc uşaq cəmi iki günlük körpə olub. 2022-ci il noyabrın 23-də Zaporojyedəki Volnyansk şəhərində yerləşən doğum evinə raket hücumu zamanı bu körpə anası ilə birlikdə faciəli şəkildə həlak olub.

Ən çox zərərçəkən bölgələr

Statistikaya əsasən, uşaqların ən çox zərər gördüyü ərazilər aşağıdakılardır: Donetsk vilayəti (641 uşaq), Xarkov vilayəti (497 uşaq), Dnepropetrovsk vilayəti  (274 uşaq), Kiyev vilayəti (146 uşaq), Sumı vilayəti (151 uşaq), Xerson vilayəti (217 uşaq), Çerniqov vilayəti (86 uşaq), Zaporojye vilayəti (188 uşaq), Nikolayev vilayəti (122 uşaq), Luqansk vilayəti (67 uşaq).

1535-dən çox iş üzrə istintaq gedir

Ukrayna hüquq-mühafizə orqanları hazırda uşaqlara qarşı törədilmiş 1535-dən artıq cinayət faktı üzrə istintaq aparır. Bu cinayətlər Rusiya ordusunun Ukraynaya qarşı hərbi təcavüzü çərçivəsində uşaqlara qarşı törədilmiş hüquqazidd əməlləri əhatə edir.

Uşaqların oğurlanması və təbliğat alətinə çevrilməsi

Ukrayna və beynəlxalq mənbələrin yaydığı məlumatlara görə, Rusiya işğal etdiyi ərazilərdə Ukrayna uşaqlarını oğurlayaraq ölkə daxilinə aparır və orada rus ailələrinə övladlığa verilir. "Financial Times" 2024-cü ildə yazıb ki, bu siyasət müntəzəm şəkildə həyata keçirilir və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Həmçinin Rusiya tərəfi birbaşa mülki infrastruktur obyektlərini, o cümlədən uşaq müəssisələrini hədəfə alır. 2024-cü ilin iyulunda Kiyevdə yerləşən "Ohmatdet" adlı uşaq ixtisaslaşmış xəstəxanası raket hücumuna məruz qalıb. Daha əvvəl, 2022-ci ilin martında Mariupolda doğum evinə, atəşkəs qüvvədə olan zaman rejimi havadan hücum həyata keçirilib.

Beynəlxalq hüquq susmaqda davam edir

Rusiyanın müharibə cinayətləri təkcə hərbi qüvvələrə qarşı yönəlməyib. Mülki əhali, xüsusilə də qadınlar və uşaqlar bu təcavüzkar siyasətin ilk hədəfinə çevrilib. Körpələrin, yeniyetmələrin və ailələrin bu cür amansızlıqla hədəfə alınması XXI əsrdə beynəlxalq hüququn nə dərəcədə sarsıldığını acı reallıqla ortaya qoyur.

Ukrayna tərəfi beynəlxalq ictimaiyyəti bu cinayətləri tanımağa və adekvat cavab verməyə çağırır. Öldürülmüş uşaqların sayı isə artıq statistik göstəricidən daha böyük bir şeydir - bu, insanlığın vicdanına yazılmış qanlı rəqəmdir.

Seçilən
11
11
moderator.az

10Mənbələr