AZ

"Tramp-Zelenski telefon danışığı: ABŞ-Ukrayna hərbi əməkdaşlığı yeni mərhələyə keçir?" - "Deutsche Welle"

Rusiya ilə təmasdan bir gün sonra Vaşinqton Kiyevə dəstəyin davam edəcəyini bəyan edir - səma müdafiəsi əsas gündəm mövzusu olaraq qalır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumay yayıb.

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında iyulun 4-də baş tutan telefon danışığı hərbi və diplomatik müstəvidə önəmli siqnallar verib. Təxminən 40 dəqiqəlik söhbət tərəflərin müdafiə əməkdaşlığını daha da dərinləşdirmə niyyətində olduqlarını göstərsə də, danışıqlar eyni zamanda ABŞ-ın son zamanlar silah tədarükündə yaranmış qeyri-müəyyənlik fonunda baş tutub.

Zelenski danışığı "faydalı və vacib" adlandıraraq, Trampın Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını yaxşı bildiyini və bu sahədə birgə fəaliyyətin genişlənəcəyini bəyan edib. Prezidentlər qarşılıqlı müdafiə komandalarının ayrıca görüşünü razılaşdırıb ki, bu da əməkdaşlığın institusional mərhələyə keçidinə işarədir.

Silah təchizatında fasilə və Trampın vədi

Danışıq ABŞ Müdafiə Nazirliyinin Ukraynaya "Patriot" zenit sistemlərinin bəzi hissələri və PAC-3 raketlərinin tədarükünü dayandırması ilə bağlı xəbərlərin ardınca baş tutub. Rəsmi səbəb kimi ABŞ ehtiyatlarının qorunması göstərilsə də, bu addım Ukraynada və Avropada narahatlıqla qarşılanıb. Tramp isə Zelenskiyə bu qərarı şəxsən araşdıracağına söz verib.

Ukrayna prezidentinin açıqlamalarına görə, tərəflər birgə istehsal layihələri, xüsusilə dron texnologiyaları və müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçirib.

Moskva ilə telefon təması fonunda baş verənlər

Bu danışıqlar öncəsi, iyulun 3-də Tramp Rusiya prezidenti Vladimir Putinlə də telefonla danışıb. Kremlin Ukraynaya qarşı məqsədlərindən geri çəkilmədiyini bəyan edən Putinlə söhbət Tramp tərəfindən "məyusedici" adlandırılıb. Maraqlıdır ki, həmin gecə Rusiya Kiyev və ətraf ərazilərə qarşı genişmiqyaslı hava hücumlarına start verib-  çoxsaylı raket və dron zərbələri nəticəsində mülki itkilər qeydə alınıb.

Bu kontekstdə Tramp-Zelenski danışıqları həm də balanslaşdırıcı diplomatik jest kimi şərh edilir: ABŞ rəhbərliyi Rusiya ilə təmasdan dərhal sonra, Kiyevə dəstəyin hələ də qüvvədə olduğunu nümayiş etdirmək istəyib.

ABŞ-ın prioritetləri dəyişirmi?

Analitiklərin fikrincə, Tramp administrasiyasının Ukraynaya qarşı mövqeyi hazırda iki güclü amil arasında qalıb: bir tərəfdən daxili hərbi resursların qorunması və ictimai narazılıq, digər tərəfdən isə beynəlxalq öhdəliklər və NATO çərçivəsindəki strateji balans. Bu vəziyyətdə Ukrayna üçün açar məsələ ABŞ-ın konkret və vaxtında yardımının təmin olunmasıdır.

Ekspertlər onu da qeyd edir ki, Zelenskinin açıq mesajlarında "birlikdə çox şeyə nail olduq" ifadəsi yalnız diplomatik təşəkkür deyil, eyni zamanda ABŞ-ın öz rolunu unutmasına imkan verməmək niyyətidir.

Gözləntilər artır, qərarlar gecikir

Telefon danışığı bir çox sualı açıq qoysa da, ən azı bir istiqamətdə aydınlıq gətirib: Kiyev və Vaşinqton strateji əməkdaşlığı davam etdirmək niyyətindədir və bu əməkdaşlıq yalnız silah tədarükü ilə məhdudlaşmayacaq. Amma qərarların operativliyi və praktiki nəticələri hələ də vaxt amili ilə yarışır. Ukraynanın taleyi isə məhz bu qərarların vaxtında və kəsərli olmasından asılıdır.

Seçilən
10
50
moderator.az

10Mənbələr