AZ

STAR neft emalı zavodu nafta istehsalını artırıb

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında 133 963 ton nafta istehsal edib.

Bakues.az bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodun nafta istehsal həcmi 88 792 ton təşkil edirdi. Nəticə etibarı ilə istehsalat həcmi illik ifadədə 45 171 ton və ya 50,9 faiz artıb.

Qeyd edək ki, nafta neftin yüngül fraksiyalarından biri olub, əsasən, benzin və ya kerosin kimi məhsulların alınmasında istifadə olunur. Yəni nafta dedikdə neftin distillə prosesində əldə edilən yüngül maye yanacaq nəzərdə tutulur.

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını, demək olar ki, tam ödəyir.

Seçilən
18
7
icma.az

10Mənbələr