Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun oyununu qiymətləndirib.
Arena.az xəbər verir ki, o, Vinisiusun İspaniya La Liqasının 9-cu turunda “Xetafe” ilə səfər oyunundakı çıxışı ilə bağlı bunları söyləyib:
“Vinisius oyuna əsas təsir göstərdi. O, çox yaxşı idi, rəqibin müdafiəsinə fəsadlar yaşatdı, rəqibini meydandan qovulmağa təhrik etdi. Bilirdik ki, o, əvəzetmədən meydana daxil olmaqla, oyunun gedişatını dəyişə bilər”, deyə Xabi Alonso vurğulayıb.
“Xetafe”nin baş məşqçisi Xose Bordalas isə həmkarından fərqli olaraq, Vinisius Junioru tənqid edib. İspan mütəxəssis braziliyalı futbolçunun onu təxribata çəkdiyini bildirib:
“Vinisius mənə müraciət edərək, əla əvəzetmə etdiyimi dedi. Ondan meydana qayıtmasını xahiş etdim. Vinisius mənə yaxınlaşıb məni təxribata sürükləməməlidir”, deyə Bordalas vurğulayıb.