Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” doğma meydanda məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.
8-ci tur çərçivəsində keçirilmiş qarşılaşmada qapılara qol vurulmayıb – 0:0. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşdə 90 dəqiqə mübarizə aparıb. Vüsal 71-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bu nəticədən sonra “Eqnatiya” 15 xalla ikinci pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 8 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. “Partizani” isə 8 xalla 7-cidir. Vüsalın komandası 8 oyunda 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət görüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 7 oyuna çıxıb, 2 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Zamiq Əliyev isə Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 50 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

