BAKI, 10 dekabr. TELEQRAF
Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab yaratmasını qadağan edən qanun qüvvəyə minib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin internet tənzimləyicisi "eSafety" rəsmi açıqlamasında məlumat yayıb.
Qanuna əsasən, 10 dekabrdan etibarən ölkədə fəaliyyət göstərən sosial platformalar uşaqların və yeniyetmələrin hesablarını deaktivasiya etməyə məcburdur. Tənzimləyicinin sözlərinə görə, bu addım gənc avstraliyalıların kritik inkişaf mərhələsində onlayn təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Qadağa "Facebook", "Instagram", "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube" daxil olmaqla, bütün əsas sosial şəbəkələrə şamil olunur.
"eSafety" bildirir ki, platformalar 16 yaşdan kiçik avstraliyalıların hesab yaratmasına mane olmaq üçün real və effektiv tədbirlər görməlidirlər. Bununla belə, yeniyetmələr hesab açmadan, ictimai şəkildə açıq olan paylaşımlara baxmağa davam edə biləcəklər. Həmçinin yaş məhdudiyyəti olmayan mesajlaşma tətbiqlərindən istifadə etmək imkanı da qalır.
Yeni qanuna əsasən, tələblərə əməl etməyən texnoloji şirkətlərə 49,5 milyon avstraliya dollarına (təxminən 32,9 milyon ABŞ dolları) qədər cərimə tətbiq oluna bilər.
Qeyd edək ki, sözügedən qanun layihəsi federal parlamentin Senatı tərəfindən 2024-cü ilin noyabrında təsdiqlənib. Qanun sosial şəbəkələrdə yeniyetmələrin yeni hesab açmasını qadağan edir və mövcud hesabların da məcburi deaktivasiya olunmasını tələb edir.