
Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib.
Yeniavaz.com xəbər verir ki, bununla da Avstraliya dünyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub.
Avstraliya parlamenti tərəfindən 2024-cü ilin noyabrında qəbul edilən qanun bu gün qüvvəyə minib.
Digər şeylərlə yanaşı, gəncləri onlayn zorakılıqdan, dezinformasiyadan və qeyri-qanuni məzmundan qorumaq məqsədi daşıyan qadağa “TikTok”, “YouTube”, “Instagram”, “Snapchat”, “Facebook”, “Reddit”, “Threads”, “Twitch” və “X” daxil olmaqla əksər əsas platformalara təsir edəcək.
Qadağa “WhatsApp” messencerinə, e-poçt proqramlarına, onlayn oyunlara, həmçinin, təhsil layihələrinə şamil edilmir.
Avstraliyanın Baş naziri Entoni Albaneze jurnalistlərə bildirib ki, qanun uşaqların normal uşaqlıq dövrü keçirməsinə kömək edəcək və digər ölkələr üçün nümunə olacaq.
Qadağaya əməl edilməməsi 49,5 milyon Avstraliya dollarına qədər (təxminən 33 milyon ABŞ dolları və ya təxminən 30 milyon avro) cərimə ilə nəticələnəcək.