“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze qış təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
