AZ

Hakan Çalhanoğlu 2 həftəlik sıradan çıxdı – ARENA.AZ

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu yanvar ayının sonuna qədər komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Türkiyəli oyunçu 2 həftə meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Hakan Çalhanoğlu “Valdhof Manheym” və “Karlsrue” klublarının futbol məktəblərində yetişib, “Hamburq”, “Bayer” və “Milan”da oynayıb. “İnter” 2021-ci ilin iyulunda Çalhanoğlunu əzəli rəqibi “Milan”dan azad agent qismində öz düşərgəsinə qatıb. Türk yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Hakan Çalhanoğlunun “İnter”də çıxışının ümumi mənzərəsi isə belədir: 204 oyun, 46 qol, 36 məhsuldar ötürmə.

Hakan Çalhanoğlu hazırda kapitanı olduğu Türkiyə millisinin heyətində 102 oyuna 22 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

Çalhanoğlu “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun (3 dəfə) qalibi olub. Həmçinin Çalhanoğlu 2021-ci ildə Türkiyədə ilin futbolçusu, 2024-cü ildə isə İtaliyada mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı türk dayaq yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
7
arena.az

10Mənbələr