2025/2026-cı illər mövsümünün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən “Araz-Naxçıvan” bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Andrey Demçenkonun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsindəki sonuncu sınaq matçında Birinci Liqa təmsilçisi “Zaqatala” ilə üz-üzə gəlib.
Naxçıvan təmsilçisi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil edilmiş bu görüşdə 4:0 hesablı qələbəyə sevinib. Elita təmsilçisinin qollarının Çarlz Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
“Araz-Naxçıvan” bu qış fasiləsində daha öncə iki yoxlama oyunu keçirmişdi. İlk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlmiş Premyer Liqa təmsilçisi ikinci görüşdə “Qəbələ” 0:1 hesabıyla məğlub olmuşdu.
Xatırladaq ki, Naxçıvan təmsilçisi qış fasiləsindən sonra ilk rəsmi oyununu yanvarın 23-də “İmişli”yə qarşı keçirəcək.
