AZ

Kilian Mbappe Kristiano Ronaldonun rekordunu təkrarladı – ARENA.AZ

Fransalı futbolçu Kilian Mbappe Madrid “Real”ında Kristiano Ronaldonun UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Arena.az bu barədə “Opta Sport”a istinadən xəbər verir.

Hücumçu buna “Monako”ya qalib gəldikləri (6:1) ÇL-in Liqa mərhələsinin 7-ci turunda iki qol vurmaqla nail olub.

Forvard cari mövsüm qitənin bir nömrəli klub turnirində 11 dəfə rəqib qapılarına yol tapıb. Bu isə qrup və əsas mərhələdə Ronaldonun imza atdığı nailiyyətin təkrarıdır. Portuqaliyalı ulduz oyunçu 2015/2016-cı illər mövsümündə qrup mərhələsində 11 qola imza atmışdı.

Mbappe karyerasında ilk dəfə bu turnirdə iki rəqəmli qol sayına çatıb. O, cari mövsümdə klub turnirlərində meydana çıxdığı 26 qarşılaşmada 30 dəfə fərqlənib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 27 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 86 oyun, 76 qol, 10 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
5
arena.az

10Mənbələr