AZ

Dennis Şmitt: “Qarabağ”a məğlubiyyət faciə deyil” – ARENA.AZ

Almaniyanın “Ayntraxt” komandasının məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Frankfurt və Ağdam təmsilçiləri bu gün ÇL-in Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Beş qolun qeydə alındığı oyun Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Ayntraxt”da baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik. Lakin daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışıqlar apardıq. İkinci yarıda “Qarabağ” çox pressinq edirdi. İntizamı oynamağa çalışırdıq. Sabah analizlər edəcəyik, buraxdığımız səhvləri müzakirə edəcəyik. Vacib olan odur ki, gələcəkdə yaxşı oyunlar göstərib, yaxşı nəticələr qazanaq.

Mən intizamlı, inamlı oynayan komanda gördüm. Deməzdim ki, bu oyunda inamsız və zəif göründük. Hazırlaşmaq üçün az vaxtımız var idi. 75-ci dəqiqədə öndə idik. Sonradan baş verənlər göstərir ki, hardasa səhv etdik. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Öz oyunumuzu oynayırdıq. Səhvlər buraxmışıqsa, analiz edəcəyik. Bu məğlubiyyət futbolçuların əhvalını korladı. Onlar psixoloji olaraq narahatdırlar. Amma analizdən sonra, 5-ci günkü məşqdə pozitiv məqamları nəzərə alıb, fokuslanacağıq ki, qarşıdakı matçlarda Bakıdakı səhvləri buraxmayaq. Potensialımız var. Əsas işim komandanı toplayıb, növbəti oyuna hazırlaşdırmaq idi. Üç gün vaxtım var idi. Səmərəli istifadə etdik. Göstərdiyimiz oyun da bunu deyir. Şənbə günü də komandanı baş məşqçi kimi meydana mən çıxaracağam.

“Qarabağ”a məğlubiyyət faciə deyil. Bu, UEFA Çempionlar Liqasıdır, bütün komandalar yüksək keyfiyyətlidir. Meydanda iki güclü komanda var idi, hər ikisi mübarizə aparırdı. Uduzmuşuqsa, o demək deyil ki, potensialımız yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
50
11
arena.az

10Mənbələr