İtaliyanın “Roma” klubunda icarə əsasında çıxış edən Leon Beyli “canavarlar”dan ayrılaraq İngiltərənin “Aston Villa” komandasına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yamaykalı vingerin “Roma”dan geri çağırıldığı diqqətə çatdırılıb. Ötən ilin yayında icarə müqaviləsi əsasında İtaliya klubuna keçmiş futbolçu ciddi zədə problemləri səbəbindən heyətdə cəmi 317 dəqiqə keçirib. O, bu müddətdə meydana çıxdığı 11 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Leon Beyli peşəkar karyerasına Belçikanın “Genk” klubunda başlayıb. 2017-ci ildə “Genk”dən “Bayer”ə (16,7 milyon avroya) keçmiş futbolçu, “Aston Villa”ya 2021-ci ildə 32 milyon avro müqabilində qoşulub. Yamaykalı vinger İngiltərə klubunun heyətində 144 oyun keçirib, 22 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Beyli 2019-cu ildə debüt etdiyi Yamayka milli komandasının heyətində 39 oyun keçirib. O, bu görüşlərdə 7 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
