“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma deyəcək bir sözüm yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, heç bir oyun asan olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la oyuna hazırlaşmalıyıq.
Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İnşallah, yaxşı olar.
Bəhlul Mustafazadə ilə maraqlananlar var, təkliflər gəlir. Hazırda “Liverpul”la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.
Bədavi Hüseynovun zədəsi ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum”.
