Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Qarabağ” – “Sabah” matçı rekordla əlamətdar olub.
Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş və 2:2 hesabıyla başa çatmış bu görüşü 21 min tamaşaçı izləyib.
Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026-cı illər mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.
Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/2016-cı illər mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib.
“Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb. Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.
Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/2007-ci illər mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bir sözlə, “Qarabağ” – “Sabah” matçında sonrakı 19 mövsümün rekordu qeydə alınıb.
Bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 22-ci turunun martın 1-də baş tutmuş matçında (3:3) 10 min 361 seyrçi qeydə alınmışdı.
