“Qarabağ”ın baş məşqçisi Qurban QurbanovAzərbaycan Kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Fikrimcə, futbolçular onlara möhtəşəm oyun göstərdilər. Sürətli oyun alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son iki oyunumuz çox baxımlı idi. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə, 2 gün sonra “Karvan”la çempionatda oyunumuz var, ona hazırlaşmalıyıq.
Biz həmişə hər iki turnirdə iddialı olmuşuq. Kubokda finala vəsiqə qazana bilməsək də, problem yoxdur. Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da olar. İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər. İstənilən rəqibə qarşı bu cür oyun görə bilərlər. Bugünkü oyun bizə avrokubok matçlarını xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.
Aleksey Kaşukun “Sabah”a keçəcəyinə dair məndə bir məlumat yoxdur. Qarşı tərəfin belə bir planı var, yoxsa yox, onu da bilmirəm. Bizdə hələ ki, belə bir düşüncə yoxdur. “Sabah”la son çempionat oyununda start heyətdə idi. Onun yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq”.
