“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə “Zirə” 2:0 hesablı qələbəyə sevinib.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları sölyəyib:
“Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, “Turan Tovuz” standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib ikinci yarı gözləyir. Cütün taleyinin həll olunduğunu qətiyyən demək olmaz. Rəqibin fərqlənmək üçün çoxlu silahları var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik.
Bu mövsüm zədə və cəzalılar baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir.
“Zirə”də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk 5-liyə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, “Zirə”nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
