Gəncə, 4 aprel, AZƏRTAC
Gəncədə cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunun ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk gündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc olmaqla, ümumilikdə 13 medal qazanıblar.
Rza Xəlilov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan İbrahim Talıbov, (55 kiloqram), Fərid Rzazadə (50 kiloqram), Fatimə Fərmanzadə (48 kiloqram), İlkin Qarayev (66 kiloqram) ikinci yeri tutublar.
Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram), Sənan Piriyev (66 kiloqram), Sunay Salamova (40 kiloqram), Fatimə Abdullayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.
Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.