Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk günü başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk gündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar isə 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Azərbaycan komandası 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medal qazanıb. Qızıl medala Rza Xəlilov (55 kiloqram) yiyələnib. Yalnız finalda məğlub olan İbrahim Talıbov (55 kiloqram), Fərid Rzazadə (50 kiloqram), Fatimə Fərmanzadə (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) gümüş medala sahib çıxıblar.
Bürünc medallar Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram), Sənan Piriyev (66 kiloqram), Sunay Salamova (40 kiloqram), Fatimə Abdullayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Zəhra Mövlamverdiyeva və Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kiloqram) tərəfindən qazanılıb.
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan yarışda 10 ölkədən 269 cüdoçu iştirak edir. Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.