Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası bu gün ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Polşanın yüksək liqa təmsilçisi “Poqon”la qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Tovuzluların qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurublar.
Qeyd edək ki, “Poqon” hazırda Polşa çempionatında 18 komanda arasında 10-cu yeri tutur.
“Turan Tovuz” Türkiyədə ilk yoxlama oyununu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt”a qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv edilmişdi.
Berdıyevin baş məşqçisi olduğu komandanın təlim-məşq toplanışı yanvarın 18-də başa çatacaq.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.
