RU

ABŞ ilə münasibətlərin qurulması milli maraqlar üçün çox önəmlidir

Avqustun 8-də Prezident İlham Əliyevin ABŞ Prezidenti tərəfindən rəsmi dəvətlə həyata keçirdiyi Vaşinqton səfəri, Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşməsi baxımından mühüm siyasi addım olmaqla yanaşı, Cənubi Qafqaz regionu üçün də strateji əhəmiyyət kəsb edən hadisə kimi yadda qaldı. Səfər zamanı imzalanan sənədlər və qəbul edilən qərarlar isə bölgədə davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı etimada əsaslanan yeni mərhələyə yol açdı.

Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, bu səfər, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və regionda sülhün təmin olunması istiqamətində əhəmiyyətli addımların atıldığını göstərir: "Vaşinqtonda keçirilən görüşlər zamanı Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması istiqamətində mühüm bir addımdır. Həmçinin ATƏT-in Minsk qrupu və onun əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət imzalanıb. Bu, uzun illərdir davam edən vasitəçilik mexanizminin rəsmi olaraq sona çatdığını göstərir". 

Deputat bildirib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü də xüsusi əhəmiyyət kəsb edir. Bu görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və regional sabitliyin təmin olunması məsələləri müzakirə olunub. Vaşinqton səfəri həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və regionda sülhün təmin olunmasına yönəlmiş diplomatik səylərinin göstəricisidir. Bu səfər Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi açıqlamada bir daha Azərbaycanla Ermənistan arasında baş verən proseslərin Cənubi Qafqazda sülh, sabitlik və rifah arzulayan hər kəs, eləcə də bütövlükdə region üçün böyük önəm daşıdığını vurğulayıb: "Dövlət başçısı Vaşinqtonda Azərbaycan mediasına verdiyi müsahibədə ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirərək bildirdi ki, Prezident Trampın dəvəti ilə ABŞ-yə edilən bu səfər Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin - əməkdaşlıq və strateji tərəfdaşlıq dövrünün başlanğıcıdır: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir"".

Deputat xatırladıb ki, artıq iki ölkə arasında "Strateji Tərəfdaşlıq Xartiyası"nın hazırlanması məqsədilə xüsusi Strateji İşçi Qrupu yaradılıb və bu sənədin əhatə etdiyi istiqamətlər qarşıdakı əməkdaşlıq imkanlarını geniş şəkildə ortaya qoyur. Buraya qarşılıqlı sərmayə yatırımı, enerji təhlükəsizliyi, nəqliyyat və tranzit, əlaqələndirmə, süni intellekt, müdafiə sənayesi və təhlükəsizlik sahələri daxildir. Təkcə bu sahələrin sadalanması belə göstərir ki, Azərbaycanın beynəlxalq mövqeyi güclənir, qarşısında isə yeni imkanlar açılır.

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı nümayiş etdirdiyi siyasi uzaqgörənlik, möhkəm dövlətçilik iradəsi və peşəkar diplomatik yanaşma təkcə çağdaş liderlik nümunəsi deyil, həm də uzun illər ərzində ölkəmizə qarşı yönəlmiş qərəzli yanaşmaların iflasa uğradığını göstərən tarixi məqam oldu. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın milli maraqlarını tam əks etdirməklə, onun ərazi bütövlüyünü və suveren hüquqlarını qəti şəkildə tanıdı. Bu isə Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı yüksək etimadın, prinsipial və ardıcıl siyasətinin növbəti mühüm diplomatik nəticəsi kimi dəyərləndirilə bilər. "Göründüyü kimi, Vaşinqton görüşü Azərbaycanın gələcək geosiyasi mövqeyinin möhkəmlənməsi baxımından çox mühüm strateji əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regionda güc balansının Azərbaycanın lehinə dəyişdiyini göstərdi. Siyasi proseslərə fəal şəkildə təsir edən bir ölkə olaraq Azərbaycan artıq yalnız regional deyil, qlobal səviyyədə də söz sahibi olduğunu sübut edir. Bu reallıq dövlətin uzunmüddətli hədəflərinə doğru inamla irəlilədiyini və milli maraqların beynəlxalq müstəvidə qətiyyətlə təmin olunduğunu nümayiş etdirir", - deyə deputat bildirib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
53
50
azerbaijan-news.az

10Источники