Çexiyalı futbol mütəxəssisi Marsel Liçka Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsindən azad edilib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Türkiyə klubu çex məşqçiyə xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Marsel Liçka bu mövsümün əvvəlində “Fatih Karagümrük”ə baş məşqçi təyin edilmişdi. Həmin vaxt tərəflər asında 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanmışdı. Amma onun bu komandadakı fəaliyyəti elə də uğurlu alınmayıb. “Fatih Karagümrük Super Liqanın cari mövsümündə keçirdiyi 10 oyunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. 4 xalı olan İstanbul təmsilçisi yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Liçka daha öncə “Dinamo” (Moskva), “Orenburq”, “Dinamo” (Brest) və “Xmel” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

