Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Karvan” – “Kəpəz” oyununda “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib. Oyunda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan” 2500 manat cərimə edilib. Oyunda meydançaya kənar əşyalar atıldığına görə Yevlax komandası 2000 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Yevlax təmsilçisi daha 5000 manat cərimə ödəyəcək. “Karvan”ın futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalanıb.
“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Sumqayıt” buna görə 500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan komandası 2500 manat cərimə edilib. “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz komandası 5000 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, stadiona gətirilməsi qadağan olunmamış əşyalar arenaya buraxılmadığına görə “Sabah”a xəbərdarlıq edilib.
