RU

Afrika Millətlər Kubokunda qalmaqallı finalın qalibi bəlli oldu – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda bu gün 2025-ci il mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici görüşdə Mərakeş və Seneqal yığmaları üz-üzə gəliblər.

Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub – 1:0.

Qitə birinciliyinin final görüşü qalmaqalsız da ötüşməyib. Belə ki, Seneqal millisinin baş məşqçisi Pap Tiyav qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin edilmiş penaltiyə etiraz edərək komandasını meydandan çıxarıb. Bundan az öncə – matçın 90+2-ci dəqiqəsində isə seneqallıların vurduğu qol qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub. Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane vəziyyətə müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.

Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduard Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Beləliklə, yekunda 1:0 hesablı qələbəyə sevinmiş Seneqal millisi tarixində ikinci dəfə Afrika çempionu olub. Onlar daha öncə 2021-ci ildə də bu titula yiyələniblər.

Xatırladaq ki, ötən gün keçirilmiş bürünc medal uğrunda görüşdə də Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gələrəkə bürünc medalların sahibi olmuşdu.

Afrika Millətlər Kuboku
Final
18 yanvar

Seneqal – Mərakeş 1:0
Qol: Pap Qeye, 94.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
45
11
arena.az

10Источники