RU

Yaxşı məktəb aktyorun, rejissorun ən böyük şansıdır

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müsahibimiz Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzinin rəhbəri, Qabaqcıl təhsil işçisi, Əməkdar artist, dosent Nofəl Vəliyevdir.

- Nofəl bəy, həyatınızda və yaradıcılığınızda son dönəmlərdə nələr baş verir?

- Ötən ilin axırlarında anamı itirdim. Bu itki mənə çox böyük zərbə oldu. Yaradıcılığımda isə yeniliklər var. Milli Gənc Tamaşaçılar Teatrında Qoqolun "Evlənmə" tamaşası hazırlanır. Orada Yaiçnitsa rolunu ifa edəcəyəm. Məşqlərimiz davam edir. Həmçinin, rejissor kimi İrəvan Teatrında Yaradıcılıq şöbəsinin müdiri Gümrah Ömərin dəvəti ilə Şekspirin "Romeo və Cülyetta" əsərinin üzərində işləyirəm. Çox gərgin məşqlərimiz gedir. Orada çox maraqlı, işləmək sevgisi olan bir heyətlə qarşılaşmışam. İşimiz çox sürətlə gedir. Eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində IV təhsil ili tələbələrimlə birlikdə diplom işi hazırlayırıq.

- Allah ananıza rəhmət eləsin! Yaradıcı insanlar itkiləri də bir başqa cür yaşayırlar. Məsələn, o itkinin ağrısı keçməmiş səhnəyə çıxmaq, tamaşa oynamaq kimi məsuliyyətləri olur. Sizdə bu dönəm necə keçdi?

- Anamın vəfatının üçüncü gün mərasimində gündüz saat 12-də rayondan çıxdım, saat 18:30-da teatrda oldum və 19:00-da "Leyli və Məcnun" tamaşasında səhnəyə çıxdım. Qəribədir ki, bir xeyli müddət tamaşalara hazırlaşarkən anamın itkisini daha güclü hiss edirdim. Təbii ki, bu hal səhnəyə çıxana qədər olurdu.

- Sizin aktyor kimi yolunuz Bakı Kamera Teatrından başlayıb. 2009-cu ildən etibarən isə Gənc Tamaşaçılar Teatrında çalışırsınız. Gördüyüm qədərilə, heç zaman Kamera teatrını unutmursunuz, unutdurmursunuz. Hətta darıxdığınız da hiss olunur.

- Mən bir aktyor kimi Gənc Tamaşaçılar Teatrında çox xoşbəxtəm. Buraya gələndən sonra bizim şöhrətimiz daha da artıb. Bu teatrı çox sevirəm. Hətta hesab edirəm ki, Azərbaycanda ən güclü teatr truppalarından biri, mənə görə, birincisi Milli Gənc Tamaşaçılar Teatrıdır. Tamaşaları, rejissorları fərqlidir, özünəməxsusdur. Mənim Bakı Kamera Teatrına olan sevgimin Gənc Tamaşaçılar Teatrına aidiyyəti yoxdur. Mənim qızıma olan sevgim valideynlərimi unutdura bilərmi? Əlbəttə, yox. Kamera Teatrı mənim genetik kodumdur. Orada mən çox böyük rollar oynamışam. Bakı Kamera Teatrı Cənnət Səlimova və İrina Perlova məktəbidir. O məktəbi heç zaman unutmuram, pedaqoji fəaliyyətimdə də o məktəbin estetikasını öz tələbələrimə də aşılayıram. İnsan harada olursa olsun, ruhu o ilk məkana ilişib qalır. Mənim də ruhum Bakı Kamera Teatrına bağlıdır, hərdən onu yuxularımda da görürəm.

- Bir sənət adamı kimi özünüzün ən böyük şansınız nəyi hesab edirsiniz?

- Mən təsadüfə inanmıram. Amma yaradıcı insan kimi özüm üçün Allahın ən böyük lütfünü kənddən gələn bir uşağın Cənnət Səlimova kimi sənətkarla qarşılaşması hesab edirəm. Ondan sonra isə İrina Perlovanı deyə bilərəm. Onların sayəsində heç zaman bilmədiyim, tanımadığım tamam başqa aləmlərə qapılar açıldı. İndi mənim müəllim kimi, aktyor, rejissor kimi yediyim çörək o müəllimlərimin zəhmətidir. Yaxşı məktəb aktyorun, rejissorun ən böyük şansıdır.

- Bir müəllim kimi zamanında Cənnət Səlimovadan öyrənib bu gün də tələbələrinizə ötürdüyünüz üç əsas prinsip nədir?

- Birincisi, Cənnət Səlimovadan və İrina Perlovadan doğru, dürüst olmağı öyrənmişəm. Sənətdə yanıla bilərik, amma qəsdən yaxşıya pis demək olmaz. Sənəti ölümünə sevmək lazımdır. Rejissor olaraq, Cənnət xanımdan öyrəndiyim ən əsas şeylərdən biri də sadəcə tamaşa qurmaq deyil, o fikrin məni narahat etməsidir. Yəni biz o tamaşa ilə hansı sözümüzü deməyə çalışırıq? Yəni vətəndaş pafosu olmalıdır. Üçüncüsü isə, məntiq və psixoloji - realist dolğunluqdur. Mən heç zaman aktyor kimi də sadəcə rol oynamıram, hansısa sözümü deməyə çalışıram.

- Bu gün sizin Cənnət xanımdan bir müəllim kimi sevgi və ehtiramla danışmağınız sevindiricidir. Bəs sizcə, gələcəkdə Nofəl Vəliyevin tələbələri onu necə və nə ilə xatırlayıb danışacaqlar?

- Əvvəl, bu məsələyə çox həssaslıqla, ürək ağrısı ilə yanaşırdım. Amma indi mənim kifayət qədər tələbəm var. Zamanla bu məsələyə normal yanaşmağı öyrəndim. Onu da Cənnət xanım öyrətdi. Baxın, onun nə qədər tələbəsi var, hamısımı adını bu cür fəxrlə, sevgiylə çəkir? Eləcə də mənim tələbələrim. Bəzən elə tələbəm olub ki, universiteti bitirəndən sonra hansısa müsahibədə adımı çəkib və mən təəccüblənmişəm. Bəzən də elə tələb olub ki, illərlə onun yetişməsində can qoymuşam, amma sonra adımı çəkməyib. Ondan da inciməmişəm, heç gözləmirəm də kimsə mənim adımı çəksin, ya çəkməsin. Məni nə ilə xatırlayacaqlar, deyə bilmərəm. Amma ümid edirəm ki, aktyor, rejissor tələbələrim haçansa, hardasa bir faydam olubsa, onu dilə gətirəcəklər.

- Həyat yoldaşınız Leyli Vəliyeva da kifayət qədər tanınmış aktrisadır. Həm teatrda, həm də universitetdə çiyin-çiyinə çalışırsınız. Bəzən deyirlər ki, ər-arvadın bir yerdə işləməsi problem yaradır, bəzənsə əksini iddia edirlər. Sizdə vəziyyət necədir? Birgə çalışmağınız hansısa problemlər yaratmayıb ki ailənizdə?

- Mən o fikirlə heç də razı deyiləm. Bu, insanın işi ilə əlaqədar deyil. İnsanların ruhları dost olmalıdır. Məncə, ailə bağlarının möhkəmlənməsi, özümüzün genetik kodumuz və ilkin ailəmizdə aldığımız tərbiyə ilə bağlıdır. Bunun peşə ilə heç bir əlaqəsi yoxdur. Ən azından, bizim ailəmizdə sırf işimizlə əlaqədar problemimiz olmayıb. Problemimiz o olub ki, biz teatrın çox çətin zamanlarda bu sənətə gəlmişik, ailə qurmuşuq. Bu səbəbdən maddi çətinliklər yaşamışıq, amma işimiz ailəmizə mane olmayıb. Mənim həyat yoldaşım bu xarakterdə olub başqa işdə işləsəydi də, mən onunla xoşbəxt olardım.

- Hər ikiniz səhnə adamı olsanız da, qızınız bu sənətə gəlmədi.

- Qızım çox istedadlıdır, çox da həvəsi var idi. Amma biz istəmədik bu sənətin yolunu tutsun, onu fikrindən daşındırdıq. Bizə çox çətin gəldi və onun bu çətinliyi çəkməsini istəmədik. Mən dedim ki, bir qızım var, onu da teatra verməyəcəyəm. Sağ olsun ki, sözümdən çıxmadı. Bu qərarımla da xoşbəxtəm. O, çox gözəl filoloqdur, çox yaxşı müəllimdir.

- Kino və seriallarda sizi görmürük. Bunun səbəbi nədir?

- Bəli, kinoda yoxam, səbəbini də bilmirəm (gülür). Gördüyüm qədərilə, yaxşı seriallar da çəkilir. Bəzən bəyəndiklərimi paylaşır, yaradıcı heyəti təbrik edirəm. Kinoya, seriala elə də dəvət olunmuram. Bir-iki dəfə oldu, dəvət olundum, amma sonra təsdiq olunmadım. O da problem deyil. Mən enerjimi, sevgimi teatra vermişəm. Kinonu isə çox sevirəm. Hətta qəribə də olsa, hesab edirəm ki, mən daha çox kino aktyoruyam. Sadəcə o sahədə də təcrübə olmalıdır.

- Bir izləyici kimi, kino və serial sektorundan razısınız?

- Az miqdarda razıyam. Bu sahədə olan ən böyük səhvlərdən biri aktyor seçimidir. Kinoda, serialda aktyor çəkilməlidir. Onda iş də uğurlu alınır. Yaxşı işlər də var, təəssüf ki, çox deyil. Amma az serialı seriallarımız yaxşı alınır, uzun seriallarda hələ ki, o qədər də uğurlu deyilik. Məsələn, "Əqrəb mövsümü", "Vətəndaş A" kimi seriallar xoşuma gəldi. Başqa serialların da adını çəkirlər, təəssüf ki, hazırda izləməyə vaxtım yoxdur. İnşallah, vaxt tapdıqca onları da izləyəcəyəm. Bədii filmdə isə son zamanlar yaxşısı ilə qarşılaşmamışam. Əlbəttə, bu sahədəki çətinlikləri başa düşürəm və ümid edirəm ki, orada da hər şey yaxşı olacaq.

- Bu günlərdə Xalq artisti Rasim Balayevi itirdik və hər dəfə sənətkarlarımızı itirərkən deyilən cümlələri indi də eşitdik: "Ondan bir də olmayacaq, o cür sənətkarlar bir daha gəlməyəcək". Sizcə, bu fikirlər doğrudurmu?

- Allah Rasim müəllimə rəhmət eləsin. O, mənim çox sevdiyim sənətkardır. Rasim Balayevin özəlliyi odur ki, onun rollarında güclü dəyişmə, başqalaşma var. Ona baxanda unudursan ki, o, Rasim Balayevdir. Biz ona baxanda yalnız personajı görürük. Bu, aktyor üçün çox böyük uğurdur. Amma "indi elə sənətkarlar yoxdur" demək düzgün deyil. Dövr və şərait başqadır. Əlbəttə, onlar ustadlarımızdır, amma indi hər böyük teatrda ən az 10 nəfər çox yaxşı aktyor və aktrisalar var. Kiçik teatrlarda 3-5 nəfər çox güclü aktyorlar var. Sadəcə dövr o deyil. Onlar 60-cı illərin yetirmələridir, onda güclü intibah gedirdi. Rasim Balayevi də zamanında Akademik Milli Dram Teatrında işə götürməyiblər, ən az 10 filmə təsdiq olunmayıb. İndi də elə uşaqlar var. Amma deyə bilmərik ki, yaxşı aktyorlar yoxdur.

- Sizin adınız gələndə, ilk növbədə "Aydın" tamaşası yada düşür. Bəs siz özünüz hansı rolunuzu yaradıcılığınızın şahı hesab edirsiniz?

- Mən o zaman Aydına o qədər bağlanmışdım ki, mənə elə gəlirdi, haçansa Aydın olmuşam. Onun varlığına ürəkdən inanmışam. 15 ildən sonra özüm o roldan imtina etdim. Çünki dadı damağımda qalsın istədim. Aydının varlığına o qədər inanmışdım ki, tam əmin idim, biz nə zamansa onunla görüşəcəyik (gözləri dolur). Əgər oğlum olsaydı, adını Aydın qoyardım. Amma rollarımın hansı şah əsərdir, onu siz deyə bilərsiniz. Məgər, Məhəmmədhəsən əmi Aydından balaca adamdırmı? Yaxud Məğrur, Molla Abbas, Corc və digər rollarımı deyə bilərəm. "Mavi yuxular" tamaşasında böyük qardaş Elya rolum var idi, onu o qədər çox sevirdim ki. Hərəsinin öz yeri var. Aktyorluq peşəsinin unikallığı odur ki, hər rolunu "bu, mənim şah əsərimdir" deyib oynaya biləsən. Ancaq rolda da gərək söz demək imkanın olsun. Bu da rejissorun quruluşundan, aurasından gəlir.

- Niyə aktyorluqdan rejissorluğa dəyişdiniz yolunuzu?

- Mənim rejissor kimi deməyə sözüm var.

- Deyirlər, aktyorluqdan rejissorluğa gələnlər daha uğurlu olurlar?

- Dünya teatrında ən uğurlu rejissorlar aktyorluqdan rejissorluğa gələnlərdir. Onlar sırf rejissorluqla məşğul olanlardan daha fərqli yanaşır, daha fərqli baxış ortaya qoyurlar. Ona görə də onların işi fərqlənir.

- Bəs aktyor kimi oynamaq istəyib, hələ ki, oynaya bilmədiyiniz hansı əsər və hansı obraz var?

- Obrazlar sonsuzdur. Məmnuniyyətlə, Brextin "Qalileyin həyatı" əsərində Qalileyi oynamaq istərdim. Eləcə də Venesiyanın taciri, Vanya dayı obrazlarını oynamaq istəyərəm.

- Bu əsərlərin hansınısa rejissor kimi qurub özünüz də o rolu oynaya bilərsiniz?

- Mən rejissor kimi qurduğum tamaşada oynamaq istəmərəm. Çünki aktyora kimsə kənardan baxmalıdır. O da rejissor olur. Mən oynayanda kim mənə deyəcək, burada səhv edirsən? Rejissor kimi fikrin aktyorlarda, aktyor kimi isə yalnız özündə olur.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
50
525.az

10Источники