ABŞ Gömrük və İmmiqrasiya Xidməti (ICE) ölkədə qeyri-qanuni yaşayan miqrantlara qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. ICE-in direktor vəzifəsini icra edən Todd Lyons, məhkumluğu olmayan şəxslərin də hədəf alınacağını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Lyons, “CBS News”un “Face the Nation” proqramına verdiyi müsahibədə bildirib ki, təşkilatın resursları əsasən ağır cinayət keçmişi olan şəxslərə yönəldilsə də, ABŞ-də icazəsiz yaşayan, lakin hər hansı cinayət törətməmiş şəxslər də bu əməliyyatlara daxil ediləcək.
ICE rəhbəri əlavə edib ki, qeyri-qanuni miqrantların işlə təmin olunduğu müəssisələr də nəzarətdə saxlanılacaq. Qurum yalnız miqrantlara deyil, onları işə götürən işəgötürənlərə qarşı da ciddi sanksiyalar tətbiq etməyə hazırlaşır.
“CBS News”un əldə etdiyi ICE məlumatlarına görə, Donald Trampın dövründə 150 mindən çox şəxs ABŞ-dən deportasiya olunub. Bu şəxslərdən 70 mininin nəqliyat və ya immiqrasiya qanun pozuntuları ilə bağlı məhkumluğu olub.
Yeni tədbirlərin yaxın həftələrdə daha sərt formada davam etdirilməsi gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az