Azərbaycan güləşçisi Kənan Heybətov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.
Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gəlmiş Kənan ilk dəfə U-23 dünya çempionu olub.
Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlamış milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.
Bu gün həm də sərbəst güləş üzrə 61, 65, 86 və 97 kq-da mübarizəyə start verilib.
Ceyhun Allahverdiyev (61 kq) hindistanlı Şubham Şubhama tam üstünlüklə (16:5) qalib gəlsə də, 1/4 finalda türkiyəli Tolqa Özbəyə məğlub olub – 4:6.
Ayxan Abdullazadə (65 kq) belaruslu Anatoli Xramikaya (9:2) və türkiyəli Abdullah Topraka (7:6) qalib gəldikdən sonra 1/4 finalda özbəkistanlı Ümidcan Cəlalova uduzub – 1:6.
Ali Tsokayev (86 kq) qırğızıstanlı Muxammad Abdullayevlə (10:0) yaponiyalı Fumiya İqaraşini (8:0) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda rusiyalı Arsen Balayana 1:7 hesabıyla məğlub olub.
Zəfər Əliyev (97 kq) ermənistanlı Sergey Sarqsyana 6:5 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Soslan Caqayevə “tuş”la uduzub.
Ayxan və Ali sabah təsəlliverici görüşə çıxacaq.

