RU

Vensan Abubakar: “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm”

“Neftçi”nin yeni transferi, kamerunlu mərkəz hücumçusu Vensan Abubakar paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra fikirlərini bölüşüb.

Kamerunlu forvard “Neftçi” camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib:

“Öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar Bakıya gəldiyim ilk gündən bu yana mənə çox isti münasibət bəsləyirlər. Gəldiyimdə məni öz ailə üzvləri kimi qarşıladılar. Bu hal futbolçunun yüksək motivasiyası üçün önəmlidir. “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək, yaxşı işlər görə bilərik”.

Xatırladaq ki, Abubakar “Qəbələ” ilə debüt matçında 1 qol və 1 assistlə yadda qalaraq qələbədə əsas pay sahib olub.

“Neftçi” Abubakarı bu ay heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

33 yaşlı hücumçunun sonuncu iş yeri “Hatayspor” olub. O, Hatay təmsilçisinə 2024-cü ilin yayında qoşulmuş və bu klubla 1 illik müqaviləyə imza atmışdı. Super Liqa təmsilçisinin heyətində 28 oyun keçirmiş mərkəz hücumçusu bu görüşlərdə 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Vensan bu yay “Hatayspor”dan ayrılandan bəri işsiz idi. Bir sözlə o, “Neftçi” ilə azad agent kimi müqavilə bağlayıb.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
19
11
arena.az

10Источники