23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyada qazandıqları uğuru şərh edib.
Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxış etmiş yunan-Roma güləşi üzrə millimiz bu gün vətənə qayıdıb.
İki qızıl və bir bürünc medal qazanaraq yeni rekord müəyyənləşdirən və komanda hesabında dünya üçüncüsü olan güləşçilərimiz üçün Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi təşkil edilib. Mərasimdə baş məşqçi və milli üzvləri jurnalistlərə açıqlama veriblər.
Aleksandr Tarakanov, baş məşqçi:
“İlk növbədə AGF rəhbərliyinə, GİN və MOK-a yarışa hazırlıq zamanı verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Ölkə daxili və xarici təlim-məşq toplanışları, qatıldığımız yarışlar güləşçilərimizin hazırlıq səviyyəsini yüksəltdi. Gənc və perspektivli komandamız var. Bu yarış göstərdi ki, bu gənclər də gələcəkdə böyüklər arasında yarışlarda ölkəmizi uğurla təmsil edə bilər”.
Elmir Əliyev, dünya çempionu:
“Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İlk dəfə U23 dünya çempionatına qatıldım. Bu il Avropa çempionatında ani səhvdən məğlub olduğum Rusiya güləşçisindən bu yarışda revanş aldım. Allaha şükürlər olsun. İnşallah, böyüklərdə Eldəniz Əzizlinin yoluyla davam edərəm”.
Ziya Babaşov, dünya çempionu:
“U23 yaş qrupunu dünya çempionu kimi başa vururam. Buna görə sevinirəm. Himnimizi səsləndirmək qürurverici hissdir. Bu uğurun arxasında hazırlıq durur. Yarışa yüksək səviyyədə hazırlıq keçmişdik. Qalib gələcəyimə inanırdım. Qələbəmi Azərbaycan ordusuna və şəhidlərimizə həsr edirəm”.
Ruslan Nurullayev, dünya üçüncüsü:
“Yarış yüksək səviyyədə keçdi. Düzdür, hərbi xidmətlə əlaqədar olaraq, hazırlıq prosesinin bir hissəsini buraxmalı oldum. Ancaq yenə də bu yarışa yaxşı hazırlaşdığımı düşünürəm. Bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkür edirəm. İranlı rəqibimə uduzsam da, məşqçilər məni çox yaxşı motivasiya etdilər. Xüsusən də bürünc medal uğrunda erməni güləşçiylə görüşə yaxşı hazırlaşdırdılar. Bu il U23 Avropa çempionu olmuşdum. Dünya çempionu da olmaq istəyirdim. Qismət olmadı. İnanıram ki, bu bürünc medalı gələn il qızılla əvəzləyəcəyəm. Mən Dövlət Sərhəd Xidmətində qulluq edirəm. Bu medalı əsgər yoldaşlarıma həsr edirəm”.

