Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstana qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Çimkənd şəhər stadionunda baş tutmuş Qazaxıstan – Azərbaycan matçı millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.
Xatırladaq ki, Azərbaycan millisi Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə də 2:1 hesablı qələbə qazanmışdı.

