Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” mərkəz yarımmüdafiəçisi Otar Aptsiauri ilə yollarını ayırıb.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Kəpəz” Aptsiaurini bu ilin yayında Gürcüstanın “Dinamo” (Tiflis) klubundan bir mövsümlük icarəyə götürmüşdü. 24 yaşlı futbolçu Azərbaycan klubunun heyətində cəmi 4 oyun keçirib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayıb. “Saburtalo”nun yetirməsi olan mərkəz yarımmüdafiəçisi ölkəsində “Qaqra”nın da formasını geyinib. 2022-ci ildən “Dinamo”da çıxış edən Otar Aptsiauri Tiflis klubunun əsas komandasında cəmi 14 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

