Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi, italyan mütəxəssis Luçano Spalletti bundan sonra “Yuventus”a rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Spalletti bu vəzifədə oktyabrın 27-də istefaya göndərilmiş İqor Tudoru əvəzləyib.
Xatırladaq ki, Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib. Təcrübəli məşqçi bu ilin iyun ayında millidən ayrılandan bəri işsiz idi.
Luçano Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb.
İqor Tudor isə “Yuventus”u 2025-ci ilin mart ayında qəbul etmişdi. Xorvat mütəxəssis “byankoneri”nin sükanı arxasında 42 yaşlı braziliyaəsilli italyan mütəxəssis Tyaqo Mottanı əvəzləmişdi. Tudor “Yuventus”u bu müddət ərzində 24 oyuna çıxarıb, 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət yaşayıb.
“Yuventus” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümündə keçirdiyi 9 oyunda 4 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüb. Turin klubu 15 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
 
                        









































