İngiltərənin “Arsenal” komandası futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) klub tarixinin rekorduna imza atıb.
Arena.az bu barədə “Squawka” nəşrinə istinadən xəbər verir.
Belə ki, “topçular” buna UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 7-ci turunun oyununda İtaliyada “İnter”i məğlub etməklə (3:1) nail olublar.
London təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində ardıcıl 7 matçda qalib gəlib. Bu qarşılaşmadalarda 20 qol vurmuş komanda qapısında yalnız 2 top görüb.
Qeyd edək ki, “Arsenal” hazırda 21 xalla Liqa mərhələsinin lideridir. London təmsilçisi ÇL-in əsas mərhələsində məğlubiyyət tanımayan yeganə komandadır. İkinci sırada 15 xala malik Madrid “Real”ı qərarlaşıb. Bir oyun az keçirmiş “Bayern” də 15 xalla üçüncüdür.
