Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 7-ci turunun görüşlərindən sonra reytinq siyahısı yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə Almaniyanın “Ayntraxt” komandası ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib.
Azərbaycan bu qələbə sayəsində UEFA reytinqində bir pillə irəliləyib. Ağdam təmsilçisi ölkəmizin aktivinə 0,500 əmsal əlavə edib. Azərbaycan hazırda (22,750) 27-ci sıradadır. 28-ci sıradakı Slovakiyanın 22,375 əmsalı var.
Qeyd edək ki, Azərbaycan cari mövsümdə 5,625 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 1 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.
Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 106,991. İtaliya (93,124) ikinci, İspaniya (87,890) üçüncü, Almaniya (84,402) dördüncü, Fransa (76,105) beşincidir.
