Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda B qrupunda yer almış “Quba” “Lənkəran”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 102:87.
Günün ikinci görüşündə “Ordu” “Sumqayıt”la üz-üzə gəlib. B qrupunda yer alan komandaların dueli “Ordu”nun 116:81 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub etmişdi – 87:68. Tura oktyabrın 26-da yekun vurulacaq.
A qrupu: Sabah – 8. Abşeron Lions – 6. Gəncə – 4. Neftçi – 3. Şəki – 3. NTD – 3.
B qrupu: Ordu – 8. Lənkəran – 6. Quba – 6. Naxçıvan – 5. Sərhədçi – 4. Sumqayıt – 4.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

