AZ

Rüfət Abdullazadə 16-cı dəqiqədə meydana çıxdı, 75-də əvəzləndi

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Azərbaycanlı vinger bu görüşün 16-cı dəqiqəsində zədələnmiş komanda yoldaşının yerinə meydana buraxılıb. O, 35-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini verməklə diqqət mərkəzinə düşüb. Lakin azərbaycanlı futbolçu matçın sonunadək meydanda qala bilməyib. O, 75-ci dəqiqədə əvəzlənib.

“Varajdin” 11 turdan sonra 15 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 11 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 9 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
52
3
arena.az

10Mənbələr