AZ

Joao Feliks: “Ronaldo ilə birlikdə oynamaqda bəxtimiz gətirib”

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Joao Feliks komanda yoldaşı və həmyerlisi Kristiano Ronaldo haqda söhbət açıb.

Arena.az Feliksin, həmkarı və həmvətəni haqda müvafiq fikrini təqdim edir.

“Ronaldo elə, həmişə etdiyini edir – ən yaxşı olmağa çalışır. Bu, onun təbiətinin bir hissəsidir. O, karyerasının ən son gününə qədər belə olacaq. Kristiano ilə birlikdə oynamaqda bəxtimiz gətirib”, deyə Joao Feliks fərəhlə vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 8 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 113 oyun, 100 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 225 oyuna 142 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
20
8
arena.az

10Mənbələr