Konfrans Liqasının Liqa mərhələsinin Avstriya “Rapid”i ilə səfər oyunu “Fiorentina”nın hücumçusu Edin Dzeko üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Florensiya təmsilçisi ötən gecə Avropa Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı “Rapid”i Avstriyada 3:0 hesabıyla məğlub edib.
39 yaşlı Dzeko bu matçda fərqlənməklə sözügedən turnirdə qol vurmuş ən yaşlı oyunçuya çevrilib. Bosniyalı hücumçu tarixi qolu 48-ci dəqiqədə vurub.
Xatırladaq ki, Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter” və “Fənərbağça”da oynayıb.
Fiorentina Dzekonu 2025-ci ilin iyul ayında “Fənərbağça”dan azad agent qismində heyətinə qatıb. Bosniyalı hücumçunun “bənövşələr”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Dzeko Florensiya klubunun heyətində indiyə qədər 10 oyun keçirib və 2 qol vurub.
Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 144 oyun keçirib, 71 qol vurub, 29 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.
“Transfermark” internet portalı 39 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.

