Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Banqladeş yığması ilə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, milli komandamız Banqladeşdə təşkil edilmiş “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində sabah yerli komanda ilə üz-üzə gələcək.
Siyasət Əsgərov oyundan öncə yerli mətbuata açıqlama verib:
“Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir.
Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”.
Xatırladaq ki, Əsgərovun rəhbərlik etdiyi komandamız ilk görüşdə Malayziyanı 2:0 hesabı ilə məğlub etmişdi.
