Futbol üzrə Rusiya yığmasının və “Monako”nun hücumameyilli yarımmüdafiəçi Aleksandr Qolovin gələcəyi ilə bağlı iddialı açıqlama verib.
Arena.az rusiyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Əgər ancaq birdən hər hansı superkomanda, “Real” və ya “Barselona” qəbilindən biri müraciət etsə, mən müvafiq addıma hazıram. Dortmund “Borussiya”sı, “Nyukasl” müraciət etmişdilər, mən isə bu komandalara keçməkdə məna görmədim…”, deyə Qolovin vurğulayıb.
Xatırladaq ki, Aleksandr Qolovin Moskva ÇSKA-sının yetirməsidir. O, vaxtilə Rusiya klubunun əsas komandasında 113 oyuna çıxıb, 13 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Qolovin 2018-ci ilin iyul ayında 30 milyon avro müqabilində məhz ÇSKA-dan “Monako”ya keçib. Həmin dövrdən bəri rusiyalı futbolçu knyazlıq klubunun əsas komandasının heyətində 243 oyuna çıxıb, 36 qol vurub, 41 məhsuldar ötürmə ilə yadda qalıb.
Rusiyalı futbolçunun “Monako” ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi var. O, sözügedən klubla heç bir titul qazanmasa da, vaxtilə ÇSKA ilə Rusiya çempionu (2016-cı il) olub, 2017/2018-ci illər mövsümündə ilin futbolçusu seçilib. Yarımmüdafiəçi 2013-cü ildə də Rusiyanın U-17 yığması ilə Avropa çempionu olub.
Qolovin Rusiyanın U-17 yığmasından başqa U-18, U-19 və U-21-də də çıxış edib. 2015-ci ilin iyun ayında əsas millidə debüt etmiş yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 50 oyunda 8 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
